Daşkənd, 13 mart, AZƏRTAC
Daşkənddəki silkway.uz portalı Azərbaycanın çövkən milli atüstü oyunu haqqında rus dilində geniş material çap edib.
Materialda bu oyunun tarixi haqqında məlumat verilib. Deyilir ki, çövkən milli oyunu 2013-cü ildə Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd olunub ki, bu oyun yüzilliklər ərzində Azərbaycandan başqa Özbəkistan, Tacikistan, Türkmənistan, İran, Türkiyə, İraq və digər ölkələrdə oynanılıb.
Məqalədə bildirilib ki, illik beynəlxalq çövkən yarışları hələ XII əsrdə o vaxt İslam dünyasının mədəni paytaxtı olan Bağdadda keçirilib.
Bildirilir ki, bu atüstü oyun iki hissədən ibarət olmaqla bir saat davam edir və hər komandada altı oyunçu olur.
Materialda deyilir ki, bu oyun haqqında “Kitabi- Dədə Qorqud” dastanında, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində rast gəlinir. Rəssamlarımızın əsərlərində bu qədim oyunu əks etdirən çoxsaylı miniatürlər qalıb.
Bildirilir ki, 2013-cü ilin sentyabrında Bakıda Avropada polo deyilən çövkən üzrə Dünya kuboku uğrunda yarışlar keçirilib.
Məqalədə qeyd edilir ki, Bakıda “Çövkən oyunu” adlı sənədli film də çəkilib.
Materialı bu linkdən oxumaq olar: http://www.silkway.uz/newsmore/5972
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND