Zahid Oruc: “Azərbaycan əleyhinə yazmaq böyük biznes layihəsidir və təkcə Avropa Oyunlarına indekslənməyib”
İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına sayılı günlər qaldıqca, bu idman tədbiri ətrafında müzakirələr daha da artır. Oyunların ölkəmiz və dünya idman tarixi üçün böyük əhəmiyyəti olduğunu deyənlərlə yanaşı, tənqidi fikirlər səsləndirənlər də olur. Xüsusilə Avropanın bir sıra tanınmış media orqanlarında Azərbaycanda insan haqlarının durumunun ağır olduğu qeyd olunan yazılar intensivləşir.

Həmin nəşrlərdə Avropa ölkələrinə oyunların boykot edilməsi ilə bağlı çağırışlar edilir.

Deputat Zahid Oruc bildirdi ki, ən böyük münsif zamandır. Həmin maraq qruplarının nə istədiklərini, kimlər tərəfindən təşkilatlandıqlarını və anti-Azərbaycan şəbəkəsi kimi formalaşdıqlarını real nəzərlərlə bir müddət keçdikdən sonra görmək mümkün olur. Lakin indinin özündə də beynəlxalq siyasi atmosferdə nə qədər duman olsa da, Azərbaycan əleyhinə formalaşmış qüvvələrin yerini, miqyasını, yürütdükləri siyasəti, onların dövriyyəsinə çıxarılmış arqument bazalarının mənbələrini təyin eləmək o qədər də çətin deyil: “Yəni bir sıra nüfuzlu nəşrlər Azərbaycanda konkret istiqamətləri vururlar. Onların baza arqumentləri müxtəlif təhlükəsizlik orqanlarının mətbəxlərində hazırlanır və Azərbaycan əleyhinə yazmaq mükafatlandırılır. Bu, böyük bir biznes layihəsidir və təkcə olimpiya oyunlarına da indekslənməyib. Mahiyyətcə bu gün onunla pərdələnib ki, guya bizim xalqın qayğısına qalıb hansısa xarici idmançıya Azərbaycan büdcəsindən vəsaitin getməsindən çox narahatdırlar.

Belə demək mümkündürsə, Avropa Oyunlarının kənarında böyük oyunlar düzənlənib və orada münsif də yoxdur. Ona görə də o oyunun qalibi olmaq da elə asan deyil. Avropa mediasında haqqında söhbət gedən yazılarla biz də tanışıq və onlar Avropa Oyunlarının kontekstində bütün siyasi sistemi, iqtisadi siyasətimizi, ölkənin ümumi daxili həyatında vətəndaş-dövlət münasibətlərini geniş bir çeşiddə təhlil edirlər və qiymətləndirmələrlə məşğuldurlar”.

Deputat xatırlatdı ki, 1980-ci ildə SSRİ-də keçirilən olimpiadaya da eyni münasibət bəslənmişdi. Səbəb də çox sadədir: “Axı bunu hesablayırlar ki, bir ölkə müəyyən mənada özünü dünyaya daha geniş şəkildə çıxara bilir, Azərbaycanın dünya teleməkanında təqdimatları gedir. Düşünürlər, oyunlar bir ölkənin təqdimatı üçün çox yaxşı bir layihədir. O yazıları yazdıranlar Azərbaycanın Avropa oyunlarından qazanmasına qarşı olan qüvvələrdir. Ona görə də bizim müxalifət, daxili qüvvələr də fərqində olmalıdırlar ki, bu, hakimiyyətlə aparılan savaş deyil, bütövlükdə hədəf Azərbaycandır. Təyin eləmək çox çətindir ki, bu gün hansı paytaxtlardan ”Azərbaycanı vurun" əmri verilib. Ancaq bu mübarizədən əminəm ki, Azərbaycan uğurla çıxacaq".

musavat.com