"Ukraynanın Donbas regionunda müşahidə olunan atəşkəs kövrək bir atəşkəsdir. Təmas xəttindən ağır hərbi texnikanın geri çəkildiyini görsək də, atəşkəs prosesinin monitorinqi kifayət qədər effektiv deyil". ANS PRESS-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə açıqlama verib. Stoltenberq qeyd edib ki, Ukraynada sülhə nail olmaq üçün hökumətlə üsyançılar arasında yeganə danışıqlar zəmini Minsk razılaşması ola bilər.

“Atəşkəsin davam etdiyini görürük. Təmas xəttində hərdən atəş səsləri gəlsə də, tərəflər Minsk razılaşması əsasında danışıqlar masası arxasına otura bilərlər”.

Almaniyanın xarici işlər naziri Valter Frank-Ştaynmayer Minsk razılaşmasını Ukraynada sülhün zəmanətçisi hesab etməsə də, başqa alternativin olmadığını da qeyd edib.

Ukrayna prezidenti Pyotr Poroşenko ordunun özünümüdafiə məqsədi ilə atışmalara cavab verməsini qanuni hesab edib.

Pyotr Poroşenko: “Vurğulamaq istərdim ki, Ukrayna öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Biz atəşi dayandırmışıq. Lakin atəşkəs o demək deyil ki, biz açılan atəşə cavab verməməliyik. Hökumət ordunun özünümüdafiə hüququnu təmin edir və əsgərlərin müdafiə üçün hər bir təchizatı var”

Poroşenko, eyni zamanda, Amerika hökumətinin Ukraynanın ölümcül olmayan silahlarla təmin olunması üçün qərar qəbul etdiyini də açıqlayıb.
Mənbə
Associated Press