Bakı, 12 mart, AZƏRTAC
“Azərbaycan Könüllülük Xidməti” (AKX) proqramı 2014-cü il üzrə “İlin könüllüsü”nü seçib. Proqramın Əlaqələndirmə Şurasının qərarına əsasən mükafata Balakən Gənclər Evini təmsil edən Fuad Mikayılov layiq görülüb.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransında “Azərbaycan Könüllülük Xidməti” proqramının təqdimatı zamanı baş tutub.
Təqdimat zamanı çıxış edən “Azərbaycan Könüllülük Xidməti” proqramının rəhbəri Hüsniyyə Qafarova ötən il Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran, Bakının Suraxanı, Sabunçu və Xəzər rayonlarındakı Gənclər evləri və mərkəzlərindən 15 qrup rəhbərinin və 20 könüllünün seçildiyini qeyd edib. Hər bir könüllü sığortalanmış və könüllülük müqaviləsi əsasında daimi yaşayış yerlərindən fərqli regionda yerləşən Gənclər evi və mərkəzlərində bacarıqlarına uyğun könüllü fəaliyyətini həyata keçirib. Həmin gənclər evlərində könüllülər tərəfindən xarici dil, kompyuter, informasiya texnologiyaları və incəsənət dərsləri, idman yarışları, intellektual oyunlar, təlim və seminarlar, klublar, milli mədəni dəyərlərin təbliği məqsədilə infoturlar, ictimai müzakirələr və s. təşkil edilib.
“İlin könüllüsü” bu fəaliyyətlə əlaqədar proqramının Əlaqələndirmə Şurası tərəfindən qrup rəhbərinin rəyi, bir aylıq fəaliyyəti ümumi qiymətləndirilməsi, könüllünün şəxsi keyfiyyətləri və motivasiya məktubu əsasında seçilib. “İlin könüllüsü” seçilmiş Fuad Mikayılov Quba Gənclər Mərkəzində rayonun gəncləri üçün rus və ingilis dili, şahmat, musiqi dərsləri keçib, danışıq klubları, təlim və seminarlar təşkil edib. Onun fəaliyyətindən 50-yə yaxın gənc faydalanıb.
Təqdimat 2014-cü il üzrə proqramın iştirakçısı olmuş könüllülər, qrup rəhbərləri, Gənclər evləri və mərkəzlərinin təltif olunması ilə başa çatıb.
“Azərbaycan Könüllülük Xidməti” proqramı Avropa Könüllülük Xidmətinin yerli modeli kimi 2013-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ tərəfindən yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük düşüncəsinin inkişafına təkan verməkdir. Həmçinin qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, bölgələrdəki Gənclər evlərində könüllülərin fəaliyyətinin genişləndirilməsidir.