Bakı, 12 mart, AZƏRTAC
AZƏRTAC Azərbaycan Beynəlxalq Bankına (ABB) istinadla xəbər verir ki, Londonda, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qərargahında üçüncü “Caspian Corridor” konfransı işə başlayıb. Konfrans Azərbaycan Beynəlxalq Bankının (ABB), Britaniyanın “Asia House” və “TheCityUK” təşkilatlarının və Britaniya-Azərbaycan İşgüzar Şurasının (BABC) dəstəyi ilə keçirilir.
ABB idarə heyətinin sədri Cahangir Hacıyev öz çıxışında qeyd edib ki, “Xəzər dəhlizi” konfransı qısa müddətdə regionda inkişaf haqqında ideyalar mübadiləsi üçün mühüm platforma kimi öz mövqeyini təsdiq edib. Bu, Böyük Britaniyadan və regiondan olan biznes təmsilçiləri ilə siyasətçilər arasında konstruktiv müzakirə üçün şərait yaradır.
C.Hacıyev deyib: “Builki konfrans müxtəlif sektorları təmsil edən yüksək səviyyəli spikerlərə güvənərək əvvəlki iki konfransın ənənələrini davam etdirəcək. 2015-ci ildə konfransa ev sahibliyi etdiyinə görə AYİB-ə təşəkkür edirik”.
AYİB-ın energetika və təbii ehtiyatlar üzrə idarəçi direktoru Rikkardo Puliti deyib: “Xəzər regionu inkişaf edir və sürətlə dəyişir, “Yeni İpək Yolu” üzərində Avropa ilə Asiya arasında öz mövqeyini möhkəmlədir. Biz çoxsaylı xarici nümayəndələri salamlamaq və onların geniş spektrli çıxışlarını alqışlamaq imkanını səbirsizliklə gözləyirik. Bu gün, şübhəsiz, fəal müzakirələr günü olacaq”.
“TheCityUK” assosiasiyasının beynəlxalq məsələlər üzrə direktoru Harri Kampkin deyib: “Xəzər dəhlizi Böyük Britaniya üçün maliyyə xidmətləri və onunla bağlı peşəkar xidmətlər göstərilməsi üçün böyük potensiala malikdir. Qabaqcıl təcrübəyə malik olan şirkətləri, siyasətçiləri və digər əlaqədar tərəfləri bir araya yığmış bu konfransın keçirilməsini dəstəkləməyə çox şadıq. Xəzər regionunun inkişaf etməkdə olan bazarlarında təmsil edilmiş imkanların və iqtisadi artımın təmin edilməsində, yeni iş yerlərinin yaradılmasında sənaye mühüm rol oynayır”.
Əvvəlki iki konfransdan birincisi 2012-ci ildə “Lancaster House” otelində, ikincisi isə 2014-cü ildə London Fond Birjasının ofisində keçirilib.
Builki konfransda əsas diqqət Avropa ilə Asiya arasında daha təhlükəsiz, şaxələndirilmiş enerji dəhlizi və iqtisadi dəhliz yaradılması üçün zəruri olan mühüm amillər, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturunun inkişafının maliyyələşdirilməsi, regional informasiya texnologiyaları və innovasiya mərkəzləri, habelə energetik landşaft dəyişmələrinin qlobal səviyyədə təsiri məsələləri üzərində cəmləşib.
Gözlənildiyinə görə, konfransda Londonun lord-meri Alen Yarou, Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticari əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi Çarlz Hendri, Azərbaycanın energetika naziri Natiq Əliyev, “L1 Energy” şirkətinin sədri vəzifəsini icra edən Con Braun, AYİB-in baş katibi Entso Kuatroçiokke və başqaları çıxış edəcəklər.