Bakı, 12 mart, AZƏRTAC
Xəbər verildiyi kimi, AŞPA siyasi məsələlər komitəsinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması üzrə məruzəçisi Robert Volter Bakıda səfərdədir. Səfərlə bağlı AŞPA-nın rəsmi internet saytında yerləşdirilmiş məlumatın mətnində yanlışlığa yol verilib, məruzənin adı Dağlıq Qarabağ münaqişəsi kimi qeyd olunub.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov bununla bağlı qurumun prezidenti Ann Brassörə, Avropa Şurası Bürosunun üzvlərinə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞPA-nın baş katibi Voyçek Savitskiyə və məruzəçi Robert Volterə məktub göndərib. O, gələcəkdə belə halların qarşısını almaq üçün qurumun rəsmi internet resursunun idarə edilməsi səlahiyyətinin AŞPA baş katibindən alınaraq müstəqil ekspertlərə verilməsini təklif edib.