Tərtər, 12 mart, AZƏRTAC
“IDEA” İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsi çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər. Aksiya zamanı rayon ərazisində 1000 ədəd ağac əkilib.
May ayınadək davam edəcək marafonun ikinci mərhələsində, ümumilikdə, rayonda 14 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. “Ümumrespublika yaşıllaşdırma” marafonunun payızda keçirilən birinci mərhələsində isə rayon ərazisində 9 mindən çox ağac əkilib.