Bakı, 12 mart, AZƏRTAC
Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti “BMT-nin 2015-ci ildən sonra inkişaf gündəliyi: Dayanıqlı inkişaf üzrə AAQ-ların rolu və həyata keçirmə vasitələri” mövzusunda Vyanada keçirilən 23-cü BMT-INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) simpoziumunda iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Avstriyanın Federal Prezidenti Hayns Fişer AAQ-ların (Ali Audit Qurumları) fəaliyyətinin vacibliyi və əhəmiyyətindən, hökumət və dövlət rəhbərliyinin AAQ-lardan gözləntilərindən danışıb, BMT baş katibinin müavinləri Vu Honqbo və xanım Karmen La Point inkişaf məsələlərinin həlli üzrə cari vəziyyətdən, minilliyin inkişaf məsələlərindən, bu məsələlərin həlli üçün dayanıqlı inkişaf məsələlərinin həllinin vacibliyindən söz açıblar.
“Dayanıqlı inkişafla bağlı inkişaf partnyorlarının AAQ-lardan gözləntiləri” adlı müzakirələrdə parlamentlərarası ittifaqın baş katibi Martin Çunqonq, BMT-nin Ekspertlər və Dövlət İdarəetməsi Komitəsinin sədri xanım Marqaret Saner, Avstriyanın Federal xarici işlər naziri Maykl Linhart və Dünya Bankının nümayəndəsi xanım Cenifer Tomson çıxış edib, formalaşmış qruplar üzrə plenar müzakirələr aparılıb.
“2015-ci ildən sonra İnkişaf Gündəliyində AAQ-ların səmərəli fəaliyyəti üçün prerekvizitlər” mövzusunda müzakirələrdə AAQ-ların fəaliyyəti üzrə vacib prerekvizitlərdən bəhs edilib, “AAQ-ın müstəqilliyi və dayanıqlı inkişaf”, “İnkişaf məsələlərinin auditi üçün AAQ-ların zəruri qabiliyyətləri”, “Maliyyə müstəqilliyinin yüksəldilməsində AAQ-ın vacib mandatı: Hökumətin fəaliyyətinin səmərəlilik auditi”, “Maliyyə müstəqilliyinin yüksəldilməsində AAQ-ın vacib mandatı: Maliyyə auditi” və “Ən yaxşı maliyyə idarəetməsi vasitəsilə genişləndirilmiş cavabdehlik üzrə dövlət büdcəsi haqqında doğru və ədalətli baxış”, “2015-ci ildən sonra inkişaf gündəliyində AAQ-ların səmərəli fəaliyyət üzrə imkanları və AAQ-ların təcrübələri”, “Dayanıqlı inkişaf üzrə auditlərə vətəndaşların cəlb edilməsi”, “Qeyri-iqtisadi məsələlərin auditi vasitəsilə dayanıqlı inkişafın qorunması” və “Artım meylli audit: AAQ-ların fəaliyyəti iqtisadi artıma necə yardım edə bilər” mövzularında təqdimatlar keçirilib, simpoziumun nəticələrinin və tövsiyələrinin layihəsi hazırlanıb.
Simpoziumun sonuncu günü nəticələr və tövsiyələrin layihəsi müzakirə olunaraq qəbul edilib.