Bakı, 11 mart, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Ekoloji Mərkəzində “Müasir dövrdə məktəblilərin ekoloji təhsili və tərbiyəsi” mövzusunda işçi seminar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı şəhərində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistlər, dərnək rəhbərləri iştirak ediblər.
Seminarın keçirilməsinin məqsədi məktəblilərin ekoloji təhsil və tərbiyəsi sahəsində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət perspektivlərinin, bu sahədə QHT-lərin iş təcrübəsinin, ictimaiyyətin maarifləndirmə tədbirlərində iştirakının müzakirəsidir.
Tədbirdə ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri əməkdaşlarının dərnək məşğələlərində yeni təlim üsullarının, müasir metodikanın tətbiqi, metodistlərin və dərnək rəhbərlərinin kütləvi ekoloji tədbirlərin, ekskursiyaların və ekoturizm səyahətlərinin təşkili sahəsində iş təcrübəsi açıqlanıb.
Çıxış edənlər ekoloji biliklərin tədrisinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, ətraf mühitin qorunması, təbii sərvətlərin davamlı istifadəsi sahəsində ekoloji bilik və bacarıqların inkişafı məsələlərinə diqqət yönəldiblər.
Seminarda ekoloji təhsil sahəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi, ekoloji təhsil və tərbiyə sahəsində beynəlxalq təcrübədən istifadə kimi məsələlər də müzakirə olunub.
Tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsini icra edən Vasif Məmmədov ekoloji təhsilin inkişaf perspektivləri barədə fikirlərini bildirib, müasir təlim üsulları və texnologiyalarının tətbiqinin zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda, beynəlxalq “GİZ” təşkilatının əməkdaşlığı ilə birlikdə hazırlanacaq ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin yeni inkişaf konsepsiyası barədə məlumat verilib.
Sonra Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) direktorunun müavini Lalə Dadaşova bu sahədə görülən işlərin təqdimatını keçirib.
RETTM-in direktoru Firuzə Sultanzadə ekoloji təhsil və tərbiyə sahəsində “Ekosfera” təşkilatının iş təcrübəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən 60-dək ekoloji layihə barədə ətraflı məlumat verib. O bu sahədə Avropanın qabaqcıl ölkələrində aparılan işlərin müsbət təcrübəsindən faydalanaraq Azərbaycanda ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində yenidən qurulmasını təklif edib.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.