1943-cü ilin sonunda Tehranda Franklin Ruzvelt, İosif Stalin və Uinston Çörçill əsas olaraq Üçüncü reyx üzərində qələbə qazanmaq problemini müzakirə edirdirlər. Yaltdada isə əsasən qalibiyyət əldə etmiş ölkələr arasında dünyanın bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edilmişdir.
Həmin məqama yaxın nasizmin iflası artıq heç kimdə şübhə doğurmurdu və Almaniya üzərində qələbə sadəcə vaxt məsələsi idi. Sovet qoşunlarının şərqdə güclü hücum zərbələri və müttəfiq qoşunlarının Normandiyaya çıxarılması nəticəsində hərbi əməliyyatlar Almaniya ərazisinə keçirildi. Müharibə son mərhələyə qədəm qoydu. Yaponiyanın taleyi də xüsusi suallar doğurmurdu, çünki ABŞ artıq Sakit okean regionuna demək olar ki, tam olaraq nəzarət edirdi. Müttəfiqlər dərk edirdilər ki, Avropanın taleyini həll etmək üçün onların unikal şansları var, çünki ilk dəfə olaraq Avropa demək olar ki, bütünlüklə cəmi üç dövlətin əlində idi.
Yalta qərarları ümumilikdə iki problemə toxunurdu. Birincisi, yaxın keçmişdə Üçüncü reyx tərəfindən işğal olunmuş ərazilərdə yeni dövlət sərhədlərini müəyyən etmək tələb olunurdu. Eyni zamanda, müttəfiqlərin təsir dairələri arasında qeyri-rəsmi, lakin tərəflərin hamısının tanıdığı demarkasiya xətlərini təyin etmək də lazım idi. Bu işə hələ Tehranda başlanmışdır.
İkincisi, müttəfiqlər gözəl başa düşürdülər ki, ümumi düşmən yox olduqdan sonra Qərblə SSRİ-nin məcburi olaraq birləşməsi öz mənasını itirmiş olacaqdır. Buna görə də dünya xəritəsində çəkilmiş demarkasiya xətlərinin dəyişməzliyinə zəmanət verən prosedurlar işlənməli idi. Bu mənada Ruzvelt, Çörçill və Stalin demək olar ki, bütün məsələlər üzrə ortaq nəticəyə gələ bildilər.
Almaniyanın işğalı və bölüşdürülməsi və Fransaya onun öz zonasının ayrılması barədə qəti qərar qəbul olundu. Almaniyanın işğalı zonaları ilə bağlı məsələ Krım konfransından öncə tənzimlənmiş və 12 sentyabr 1944-cü il tarixli ''SSRİ, ABŞ və Birləşmiş Krallıq hökumətləri arasında Almaniyanın işğalı zonaları və ''Böyük Berlin''in idarə edilməsi haqqında Sazişin Protokolu”nda qeydə alınmışdır. Bu qərar ölkənin uzun müddətə parçalanmasını qabaqcadan şərtləndirdi.
Polşanın taleyinə gəlincə, qeyd etmək lazımdır ki, İkinci dünya müharibəsindən sonra onun konturları köklü şəkildə dəyişdi. Müharibədən qabaq Mərkəzi Avropanın ən iri ölkəsi olan Polşa kəskin şəkildə balacalaşdı və qərb və şimala doğru sıxışdırıldı. SSRİ Polşa ilə hələ 1920-ci ildə müəyyən edilmiş ''Kerzon xətti'' üzrə bəzi bölgələrdə bu xəttdən 5-8 km Polşanın xeyrinə geri çəkilməklə qərb sərhədlərini əldə etdi. Faktiki olaraq sərhəd Polşanın 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı arasında hücum etməmək haqqında müqaviləyə əlavə olaraq maraqlar sferasının bölgüsü haqqında məxfi protokola əsasən Almaniya ilə SSRİ arasında bölüşdürüldüyü məqamdakı vəziyyətə qayıtdı. Əsas fərq isə Polşaya Belostok bölgəsinin verilməsində idi.
Əzəli bir məsələ olan Balkan məsələsi, xüsusən də Yuqoslaviya və Yunanıstandakı vəziyyət də müzakirə olundu. Bəzi fikirlərə görə, Stalin Böyük Britaniyaya yunanların taleyini həll etmək imkanı verdi. Bunun nəticəsidir ki, sonralar bu ölkədə kommunist və qərb yönümlü qruplaşmalar arasında baş vermiş toqquşmalar sonuncuların xeyrinə həll olundu. Digər tərəfdən, faktiki olaraq Yuqoslaviyada hakimiyyətin İosip Broz Titonun kommunist yönümlü Xalq-azadlıq ordusunun əlinə keçməsi də tanındı. Düzdür, Titoya tövsiyə olundu ki, hökumətə ''demokratları'' götürsün.
Yalta konfransının iştirakçıları bəyan etdilər ki, onun qəti məqsədi alman militarizmini və nasizmi yox etmək və ''Almaniyanın bir daha sülhü pozmaq iqtidarında olmayacağına'' zəmanət vermək idi. Almaniyanın gələcəkdə denasifikasiyası üçün kart-blanş da verildi.
Yaltada həmçinin azad edilmiş Avropa haqqında Bəyannamə də imzalandı. Bəyannamə düşməndən geri alınmış ərazilərdə qələbə çalmış ölkələrin siyasətinin prinsiplərini müəyyən etdi. Bəyannaməyə görə, bu ərazilərdə yaşayan xalqların suveren hüquqlarının bərpa edilməsi, habelə müttəfiqlərin bu xalqlara həmin hüquqların həyata keçirilməsi üçün ''şəraiti yaxşılaşdırmaqda'', öz seçimlərinə əsasən demokratik idarələri yaratmaqda birgə ''yardım etmək'' hüququ da nəzərdə tutulurdu.
Ayrıca sənədlə Uzaq Şərqin taleyi də qəti şəkildə həll olundu. Sovet qoşunlarının Yaponiyaya qarşı müharibədə iştirakının müqabilində Stalin ABŞ və Böyük Britaniyadan əhəmiyyətli güzəştlər əldə etdi. Əvvələn, SSRİ hələ XX əsrin əvvəllərində rus-yapon müharibəsində itirdiyi Kuril adalarını və Cənubi Saxalini geri aldı. Bundan başqa, Monqolustanın müstəqil dövlət kimi statusu da tanındı. SSRİ-yə həmçinin Port-Artur və Çin-Şərq dəmir yolu (ÇŞDY) da vəd edildi.
Yaltada müttəfiqlər müəyyən edilmiş təsir sferalarının sərhədlərini dəyişdirmək cəhdlərinin qarşısını almağa qadir olan yeni beynəlxalq struktur ideyasını da reallaşdırmağa başladılar. Birləşmiş Millətlər Təşkilatının ideologiyası məhz qalib ölkələrin Tehran və Yalta konfranslarında və Dumbarton-Oks (Vaşinqton, 1944-cü ilin avqust-oktyabr ayları) aralıq danışıqlarında formalaşdırılmışdır. Müəyyən edilmişdir ki, sülhün təmin edilməsi ilə bağlı kardinal məsələlərin həlli zamanı BMT-nin fəaliyyətinin təməlində Təhlükəsizlik Şurasının daimi üzvləri olan və veto hüququna malik olan böyük dövlətlərin yekdillik prinsipi durmalıdır. BMT dünyanın müharibədən sonrakı quruluşunun rəmzi və formal qarantı, dövlətlərarası problemlərin həllində nüfuzlu və bəzən də kifayət qədər səmərəli təşkilata çevrildi. Burada qalib gəlmiş ölkələr gələcəkdə də qarşılıqlı münasibətlərindəki həqiqi ciddi məsələlərin BMT çərçivəsində deyil, ikitərəfli danışıqlar yolu ilə həllinə üstünlük verirdilər. Bundan başqa, bu təşkilat ötən illərdə həm ABŞ, həm də SSRİ-nin apardığı müxtəlif lokal müharibələrə də mane ola bilmədi.
ABŞ, SSRİ və Böyük Britaniya rəhbərlərinin Krım konfransının böyük tarixi əhəmiyyəti vardır. O, müharibə dövrünün ən iri beynəlxalq müşavirələrindən biri, antihitler koalisiyası dövlətlərinin ümumi düşmənə qarşı müharibədə əməkdaşlığında mühüm mərhələ oldu. Konfransda mühüm məsələlər üzrə razılaşdırılmış qərarların qəbul edilməsi müxtəlif ictimai quruluşu olan dövlətlərin beynəlxalq əməkdaşlığının mümkünlüyünü bir daha nümayiş etdirdi.
Yaltada, sonra isə 1945-ci ilin yayında Potsdamda yaradılmış bipolyar və ''dəmir pərdəli'' yeni dünya nizamı 1980-cı illərin sonuna qədər, yəni 40 ildən bir az artıq yaşadı ki, bu da bu cür sistemin davamlı və əbədi olmadığını sübut etdi.
Yalta sistemi 1980-1990-ci illərin astanasında cəmisi 2-3 il ərzində, Sovet İttifaqının dünya xəritəsindən yox olmasından sonra dağıldı. O zamandan etibarən Avropada təsir sferasının sərhədləri yalnız geosiyasi qüvvələrin cari nisbəti ilə müəyyən olunur. Bununla belə, Mərkəzi və Şərqi Avropanın böyük bir hissəsi əvvəlki demarkasiya xətlərinin yox olmasını ağrısız keçirdi, Polşa, Çexiya, Macarıstan, bir sıra Balkan və Baltika ölkələri isə hətta bu və ya digər dərəcədə ümumavropa təhlükəsizlik sisteminə inteqrasiya edə də bildi.
Newtimes.az