Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiya Respublikasının Müdafiə naziri cənab Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.
Protokola uyğun olaraq, müdafiə nazirləri Fəxri Qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib. Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
Sonra nazir general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.
Xorvatiyanın xarici işlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
General-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.
Z.Həsənov Xorvatiyanın İqtisadiyyat Palatasında sədr Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Sonra Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş təqdimat olub.
Səfər davam edir.



Mənbə
ANS PRESS