Naxçıvan, 11 mart, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının satışının təşkili üçün Naxçıvan şəhərindəki “Cahan” Ticarət Kompleksinin ərazisində yeni müasir korpus inşa olunur.
AZƏRTAC xəbər verir ki, yeni korpusun tikintisi Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların müraciətlərinə əsasən həyata keçirilir.
İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Hazırda son tamamlama işləri görülür. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan bazarda fiziki şəxslər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olacaqlar.
Qeyd edək ki, ötən il kompleksin ərazisində müxtəlif təyinatlı mağazaların və digər xidmət sahələrinin fəaliyyət göstərdiyi ikimərtəbəli yeni korpus istifadəyə verilib, həmçinin “Cahan” Ticarət Kompleksinin əsas binasında yenidənqurma işləri aparılıb. Mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılıb.