Bakı, 11 mart, AZƏRTAC
Martın 28-də dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün Beynəlxalq “Yer saatı 2015” (“Earth Hour 2015”) çərçivəsində bir araya gələcək.
IDEA İctimai Birliyi Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində “Yer saatı 2015” ilə əlaqədar sosial şəbəkə istifadəçilərini yeni video müsabiqədə iştirak etməyə dəvət edir.
Müsabiqə iştirakçılarından ətraf mühit çağırışlarını ifadə edən və qaranlıq şəraitdə çəkilmiş videoçarxların “baş qəhrəmanlarını” müəyyən etmək tələb olunur. Martın 27-dək hər həftə 4 məşhur şəxsin iştirak etdiyi videoçarxlar IDEA İctimai Birliyinin və “Yer saatı” (“Earth Hour”) kampaniyasının Azərbaycan üzrə rəsmi facebook (www.facebook.com/ideacampaign.org və www.facebook.com/earthhouraze) və instaqram (idea_public_union və earthhourazerbaijan) səhifələri vasitəsilə ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, həmin videoçarxların mövzusu bu il qeyd olunacaq “Yer saatı” kampaniyasının beynəlxalq şüarına – “İqlim dəyişikliyini dayandır!” (“Stop climate change”) şüarına uyğun olaraq hazırlanıb.
Sosial şəbəkə istifadəçiləri videodakı çağırışları səsləndirən şəxslərin adlarını həmin videoçarxın paylaşıldığı linkin şərh hissəsində yazmaqla müsabiqəyə qoşula bilər. Düzgün cavabı birinci yazmış iştirakçılara müvafiq xallar (bir düz cavab – bir xal) veriləcək. Hər həftənin sonu müsabiqənin gedişi və iştirakçıların reytinqi barədə IDEA İctimai Birliyinin və “Yer saatı” kampaniyasının sosial şəbəkələrdəki səhifələrində məlumatlar dərc olunacaq.
Müsabiqənin sonunda videolar tam formatda təqdim olunmaqla iştirak edən məşhurların adları açıqlanacaq. Ən çox düzgün cavab tapmış sosial şəbəkə istifadəçisi 28 mart tarixində qalib elan ediləcək və IDEA İctimai Birliyi tərəfindən mükafatlandırılacaq.
Müsabiqə çərçivəsində təqdim olunacaq videoçarxları 12 mart tarixindən etibarən IDEA İctimai Birliyinin və “Yer saatı”nın sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür.