Bakı, 11 mart, AZƏRTAC
Böyük Britaniyanın tanınmış muzey eksperti, York şəhəri incəsənət departamentinin üzvü və York İncəsənət Kollecinin direktoru Şirli Kolli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ustad dərsləri keçir.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, ustad dərsləri layihəsi çərçivəsində muzey mütəxəssisi tərəfindən universitetdə “Müasir muzey mütəxəssislərinin hazırlanması: tədrisdə yeni məzmun və formalar”, “Təhsil və muzey işçilərinin akkreditasiyası: məqsəd və vəzifələr (Böyük Britaniya təcrübəsi) ” mövzularında seminarlar, nəzəri məşğələlər də keçirilir.
Qeyd edək ki, Şirli Kolli böyük iş təcrübəsi olan peşəkar muzey ekspertidir.
ADMİU-da “Ustad dərsləri” layihəsi 2014-2015-ci il tədris ilinin əvvəlindən start götürüb. Bu layihə çərçivəsində dünyanın müxtəlif yerlərindən tanınmış və təcrübəli mütəxəssislərin iştirakı ilə incəsənət ixtisasları üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi və müasirləşdirilməsi, yeni metodların, qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə açıq dərslər, mühazirələr, təqdimatlar, “dəyirmi masa”lar, məşğələlər və ustad dərsləri keçirilir.