Ağdam, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilən 360 şagird yerlik məktəb-liseyin inşası bu il başa çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə tikilən ikimərtəbəli binada sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq və informatika kabinələri, kitabxana, akt və idman zalları, tibb otağı, 100 yerlik yeməkxana, eləcə də həyətdə futbol, voleybol və basketbol meydançaları, yüngül atletika və gimnastika üçün sahələr, qaçış zolaqları yaradılacaq. Hazırda binanın 1-ci mərtəbəsinin inşası başa çatıb, 2-ci mərtəbədə isə hörgü işləri aparılır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ötən il rayonun Birinci Baharlı kəndində 160 şagird yerlik, Əfətli kəndində 360 şagird yerlik, Hacıməmmədli və Həsənxanlı kəndlərinin hər birində 120 şagird yerlik məktəb binaları istifadəyə verilib, 480 şagird yerlik Əhmədağalı kənd tam orta məktəbi isə əsaslı təmir olunub.
