Fransanın TF1 telekanalındakı "Dropped" realiti-şousunun Argentinadakı çəkilişlərinə yollanan heyətin məruz qaldığı faciəli qəzanın araşdırmaları davam edir.
İki helikopterin toqquşması zamanı 10 nəfər, o cümlədən Fransanın idman ulduzları və Olimpiya çempionu da həlak olub.
Milli.Az Le Monde-a istinadən bildirir ki, TF1 telekanalının rejissorlarının ssenarisinə görə, Argentinanın La Rioha bölgəsində, And dağlarının ətəyindəki Villa Kastella kəndinin yaxınlığında iki helikopter bir-birinə yaxın uçmalıydı. Bu zaman helikopterlərdən birindəki operatorlar digər helikopterdəki realiti-şou iştirakçılarının çəkilişlərini aparmalıydı.
Helikopterlər arasında cəmi 5 metr məsafə vardı.
Helikopterləri təcrübəli argentinalı pilotlar idarə edirdilər.
TF1 telekanalının baş direktoru və prezidenti Nons Paolini bildirib ki, qəzanın səbəbinin uçuş zamanı Villa Kastellanın yaxınlığındakı kanyonda çox güclü külək olduğunu düşünürlər.
"Teleşounun çəkiliş qrupu şokdadır. Belə hadisənin nə zamansa olacağını ağlımıza da gətirə bilməzdik. Tamaşaçını razı salmaq istədik, amma dəhşətli drama alındı", - N.Paolini deyib.
Kanyondakı güclü külək helikopterlərdən birini o birinə vurub və aparatların ikisi də yerə düşərək yanıb.
Həlak olanlar telekanalın ən yaxşı operatorları, assistentləri, habelə şounun 3 qəhrəmanı - dünyaca məşhur idmançılardı.
Fransua Olland olayla bağlı deyib: "Biz indi bütün Fransanın pərəstiş və fəxr etdiyi, faciəli şəkildə həlak olmuş üç çempion barədə düşünürük. Onlar başqalarına nümunə olmaq istəyirdilər".
Yelkənli qayıq idmanının canlı əfsanəsi, 58 yaşlı Florans Arto "Fransa çempionlarının çempionu, Atlantika gəlini" adlandırılırdı. O, Atlantik Okeanını yelkənli qayıqla üzüb keçmiş ilk qadındı.
15 il əvvəl bu rekordu gerçəkləşdirmiş Floransın adı həm də yelkənli qayıqla okeanda ən sürətli hərəkətə nail olmuş qadın kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.
28 yaşlı boksçu Aleksis Vasten 2008-ci ildə Pekin Olimpiadasında bürünc medal qazanmışdı. Onun kiçik bacısı iki ay əvvəl avtomobil qəzasında həlak olub.
O, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizə aparmaq əzmində idi.
Üzgüçülük üzrə Olimpiya çempionu, 25 yaşlı Kamil Müffaya ötən il Fransa prezidenti Fransua Olland "Fəxri Legion" ordenini təqdim etmişdi.
Beynəlxalq Olimpiya Komitəsi idmançıların həlak olması ilə bağlı olaraq 3 günlük matəm elan edib.
Milli.Az

























