Bakı, 11 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanı əsasında detektiv janrında “Xeyir ilə şərin rəqsi” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmin çəkilişləri Bakı və Qubada aparılacaq.
Ekran əsərində yeni Dronqo obrazını əməkdar artist İlqar Muradov canlandırır. Digər rolları xalq artistləri Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov və Ayşad Məmmədov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri ifa edirlər.


