- Ayla xanım, siz tanınmış rejissor Bəhram Osmanovun qızısınız. Atanızın yolunu davam etdirmək üçün bu sənəti seçdiniz, ya həvəsiniz vardı?
- Uşaqlıqdan bu sənətə heç vaxt həvəsim olmayıb. Yeniyetmə vaxtlarımda isə atamın Akademik Milli Dram Teatrında hazırladığı müxtəlif tamaşaların primyeralarına baxmışam. Valideynlərim özləri də qeyd ediblər ki, bu sənətə təsadüfən gəliblər. Əsas da atam. Anam Esmiralda Osmanova gənc vaxtlarında musiqi ilə mükəmməl məşğul olub. Mən özüm də musiqi təhsili almışam. İncəsənət Universitetinə sənəd verərkən atamın xəbəri yox idi, sonradan ona bildirəndə etiraz etdi. Hətta qalmaqal da saldı (gülür). Ümumiyyətlə, bizim ailədə biz ancaq ailə söhbətləri edirik, daha doğrusu etməyə çalışırıq. Atam heç bir zaman sənət, teatr problemlərini evə gətirməyib. Valideynlərimin hər biri sənətlə mükəmməl məşğul olduqlarına baxmayaraq, ailədə sənət söhbəti “qadağandır”. Mən də təsadüf nəticəsində bu sənətə gəlmişəm, hazırda təhsilimi magistr kimi davam etdirirəm.
- İlk quruluş verdiyiniz tamaşa hansı olub?
- İlk tamaşam kurs tamaşası olub. O vaxtı mən Elçinin “Mehmanxana nömrəsində görüş” əsərinə quruluş vermişdim. Tamaşanın müzakirəsində xeyli təriflənmişdim (gülür). Sonradan Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində diplom işi olaraq Qoqolun “Dəlinin qeydləri” tamaşasını hazırladım. ”Ağ ölüm” tamaşasına gəlincə isə direktorumuz Mübariz Həmidov və teatrımızın baş rejissoru Bəhram Osmanov bu tamaşanı hazırlamağı mənə təklif etdilər.
- Ümumiyyətlə, tamaşaya aktyor seçərkən kiminləsə məsləhətləşirsiniz?
- “Ağ ölüm” tamaşasındakı aktyor kollektivini özüm seçmişəm. Bəzən bu barədə atamla da məsləhətləşirəm, amma teatrımızın baş rejissoru olaraq. Hətta aktyor seçimində mübahisə də edirik, fikirlərimiz çox vaxt üst-üstə düşmür.
- Sizi yaşıdlarınızdan fərqləndirən xüsusiyyət nədir?
- Yaşıdlarımdan elə də bir ciddi fərqim yoxdur. Mən, sadəcə, hələ ki, sənətə kəşf obyekti kimi baxıram. Belə fikirləşirəm ki, teatrda tamaşa hazırlamaq, hələ ki, teatra gəlmək demək deyil. Mən atamın rəhbərlik etdiyi kursda təhsil almışam, o, məni heç bir vaxt tələbələrindən fərqləndirməyib. Fərqləndirmədiyi üçün də mən həmişə 2 qat çalışmağa məcbur olmuşam.
- Bəhram müəllimin bu teatrda hazırladığı hansı tamaşa sizə rejissor sənətində cığır yolunu açıb?
- Atamın hazırladığı tamaşaları müxtəlif illərin etapına bölmək lazımdır. Çünki hər biri mənim üçün doğmadır. Builki etapdakı tamaşa “Müharibə”dir.
- Çalışdığınız müddətdə teatrda hansı intriqalarla rastlaşmısınız?
- Teatrda intriqa o vaxtı olur ki, aktyorlar boş-bekar gəzirlər. Repertuar teatrının ən drammatik vəziyyəti də elə bundan ibarətdir. B.Osmanov çalışır ki, hamının işi olsun və hər bir aktyor ifa etdiyi rolda yeni yaradıcılıq etapına keçsin. Buradan belə anlaşılır ki, Gənc Tamaşaçılar Teatrı intriqasız teatrdır. Bəhram Osmanov teatrdan kənarda mənim atamdır, teatrın içində o, mənim də baş rejissorumdur.
Əli Rəhimoğlu
Milli.Az













