Berlin, 10 mart, AZƏRTAC
Avropa İttifaqı daha çevik qonşuluq siyasəti qurmaq niyyətindədir. Avropa Parlamentinin profil komitəsinin iştirakçıları martın 9-da onun yenilənmiş konsepsiyasını müzakirə ediblər.
“Alman dalğası” agentliyi yazır ki, 2003-cü ildə işlənib hazırlanmış Avropa Qonşuluq Siyasətinin (AQS) yeni redaksiyası bu proqramda iştirak etməyən dövlətlərin Avropa İttifaqının onunla həmsərhəd olan ölkələrə yaxınlaşmasına reaksiyasını nəzərə almağa çalışır. AQS 18 dövləti əhatə edir: Əlcəzair, Tunis, Suriya və cənubda digər ölkələrdən tutmuş “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçıları olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya qədər.
2011-ci ildə “ərəb baharı” hadisələrindən sonra Brüssel qonşuluq siyasətinin konsepsiyasını qismən dəyişdirməli olub. Ukraynanın Avropa yolu ilə getmək arzusuna reaksiya Brüsseli AQS-ə düzəlişlər etməyə məcbur edib.
Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan AQS-nin yenilənmiş konsepsiyasının “yol xəritəsini” müzakirə etmək üçün martın 9-da Avropa Parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin iclasına qatılıb. O təsdiq edib ki, “Avropa İttifaqı qonşu ölkələrin Avropa ilə bağlı niyyətlərində son bir neçə ildə yaranan dəyişikliklərə heç də həmişə cavab verə bilməyib”. Onun sözlərinə görə, qonşuluq siyasətinin əhatə etdiyi ölkələrə münasibətdə yeni yanaşmalar işlənib hazırlanmalıdır. Avropa komissarı bildirib: “Biz bu ölkələrin siyasi və iqtisadi fərqlərini, habelə onlardan hər birinin Aİ ilə münasibətləri nə dərəcədə dərinləşdirməyə hazır olduğunu nəzərə almalıyıq. Qonşularımızın qonşuları ilə düzgün işləmək yollarını bilmək lazımdır. Axı, “Moskvada AQS-i ciddi qəbul edirlər”.

Vüqar Seyidov
AZƏRTAC –ın xüsusi müxbiri
Berlin