Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “8 mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunan “Azərbaycanda və Çində qadınların Olimpiya idmanı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan ilə Çin arasında idman sahəsindəki münasibətlərin uğurlu inkişafından, Çində keçirilən beynəlxalq yarışlarda ölkəmizin qadın idmançılarının iştirakından söz açan mərkəzin direktoru, dosent Rafiq Abbasov Prezident İlham Əliyevin Çinə səfəri zamanı Pekində XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirakını xüsusilə vurğulayıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çində qadınların idmanın inkişafı tarixindəki rolundan, bu ölkədə qadın idmançıların qazandıqları nailiyyətlərdən söz açıblar.
Sonra Pekin Olimpiadasının açılış mərasiminə həsr edilən və müxtəlif beynəlxalq yarışlarda Azərbaycan, eyni zamanda Çin qadın idmançılarının iştirakından videomaterial nümayiş olunub.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr lirik Çin mahnıları və Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i Çin dilində səsləndiriblər.
Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış hər iki dildə nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.
Tədbirdə Azərbaycan idman federasiyalarının nümayəndələri iştirak ediblər.