Bərdə, 10 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə rayonunun Türkmən kəndində 600 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksi yaradılır.
AZƏRTAC xəbər verir ki, tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisənin ümumi sahəsi 10 hektardır. İnşasına 2014-cü ilin may ayında başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, Almaniyadan 327 baş cins inək gətirilib.
Kompleksdə işlərin cari ilin birinci yarısında tam başa çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksi fəaliyyətə başlayandan sonra burada ildə 3,8 min ton süd istehsal ediləcək. Kompleksdə 50 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
