Son dövrlər Baltik ölkələri təhlükəsizliyini gücləndirmək üçün addımlar atır. Buna səbəb Rusiyanın Krımı ilhaq etməsi, eləcə də Ukraynanaın şərqində separatçı qüvvələrə dəstək verməklə rəsmi Kiyevin dövlət kimi bölünməsinə yol açan addımlarıdır.

ANS PRESS-in məlumatına görə, ekspertlər deyiblər ki, regionda baş verən hadisələr Rusiya ilə qonşu ölkələri, o cümlədən Baltik ölkələri rəhbərlərini ciddi düşündürməyə vadar edir.

Qərb yolunu tutan Latviya ABŞ-dan 120-dən çox tank və digər hərbi texnika alıb. Ötən gün Riqa limanına gətirilmiş hərbi texnikalar arasında "M1A2 Abrams" tankları və "M2A3 Bradley" zirehli maşınları, həmçinin texniki təminat avadanlığı yer alıb.

Latviyanın müdafiə naziri Raymond Veyonis Twitter hesabında yazıb ki, müttəfiqlərin Latviyada olması (ABŞ və NATO) həmrəylik və regionun təhlükəsizliyinin təsdiqi deməkdir.

Polşa parlamenti bir neçə gün əvvəl deputatların hərbi hazırlıq kursları keçməsi barədə qərar qəbul edib. Ölkə rəsmiləri bunu Ukraynadakı münaqişə ilə bağlı olduğunu bildiriblər. Deputatlar bu münaqişənin qonşu ölkələrə, o cümlədən Polşaya yayılmasından ehtiyat edirlər və bundan narahatlıq hissi keçirirlər. Bu ölkədə hərbi mükəlləfiyyət yaşı 50 olsa da, sağlam və cavan görünən kişilər üçün istisnalar mövcuddur.

Mənbə
ANS PRESS