Göyçay, 2 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, hazırda Göyçay şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur, küçələrə asfalt örtüyü salınır. Şəhərin su-kanalizasiya xəttinin çəkilişi başa çatdırılan küçələrində dərhal asfaltlama işlərinə start verilir. Hazırda su-kanalizasiya xəttinin çəkilişinin yekunlaşması ilə əlaqədar N.Nərimanov və Atatürk küçələrinin yenidən qurulması işləri davam etdirilir. Yaxın günlərdə şəhərin 28 May, M.Fizuli, M.Ə.Sabir küçələrinin də asfaltlanması nəzərdə tutulur.
Şəhərdə aparılan abadlıq işlərindən biri də küçələrin kənarındakı hasarların müasir üslubda yenidən qurulması, evlərin və sosial obyektlərin dam örtüklərinin yenilənməsidir. Hazırda şəhərin Nizami, Ə.Kərim, Natavan və M.Hüseynzadə küçələrinin kənarlarına yeni hasarlar çəkilir, üzərinə aqlay və mərmər üzlüklər vurulur, ümumi görkəmə xələl gətirən hasar və xırda tikililər sökülür, Heydər Əliyev prospektində təmir-bərpa işləri aparılır.
Bundan əlavə, Qaraməryəm-Göyçay-Ağdaş, Göyçay-Ucar və Göyçay-Bərgüşad avtomobil yollarının kənarlarında iməciliklər keçirilir, ərazi kol-kosdan təmizlənərək səliqə-sahman yaradılır, boş sahələrə ağac tingləri əkilir.