Bakı, 10 mart, AZƏRTAC
Rusiyanın Kirov şəhərində keçirilən sürətli buzadırmanma üzrə dünya çempionatında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət milli komandamız ölkəmizi müvəffəqiyyətlə təmsil edib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatın nəticələrinə əsasən komandalararası yarışda FAIREX-in idmançılarından təşkil olunmuş Azərbaycan millisi ikinci yeri tutub.
Kişilər və qadınlar arasında sürət üzrə keçirilən çempionat üç gün davam edib. Yüksək nəticələr əldə etmək üçün əzm və qətiyyətlə mübarizə aparan idmançılarımız qarşılarına qoyduqları məqsədə çatmaq üçün qüvvələrini əsirgəməyiblər.
Yarışlarda ölkəmizi FAIREX-in idmançılarından Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil ediblər.
