Müğənni Ayan Babakişiyeva 2014-cü ilin martın 1-i dünyaya göz açan qızı Selenanın üzünü ilk dəfə geniş ictimaiyyətə göstərdi. 7 martda Xəzər TV-də teleaparıcı Zaur Kamalın təqdimatında yayımlanan "Ay Zaur" verilişində Ayan övladını görmək istəyənlərin intizarına sözün yaxşı mənasında son qoydu.

Milli.Az bildirir ki, veriliş Azərbaycanın ikinci böyük şəhəri hesab edilən Gəncədə çəkilib. Yəqin, bu sətirləri oxuyanlar "niyə məhz Gəncə?" sualına cavab tapmağa çalışırlar. Saytımıza açıqlama verən Ayan bu və digər suallara ətraflı şəkildə aydınlıq gətirdi:

"Gəncə mənim və əkiz qardaşım, hazırda Türkiyədə yaşayıb-fəaliyyət göstərən Samir Babakişiyevin dünya göz açdığımız şəhərdir. Qohumlarımızın hamısı bu şəhərdə yaşayır. Biz öncədən düşünmədik ki, "Ay Zaur "u bir həftə öncə Nizami yurdunda çəkək. Həm Zaur, həm də verilişin redaktoru Nəzakət xanım Selenanın ad gününü Gəncə şəhərində təmtəraqlı şəkildə qeyd etmək istədiyimi bilincə təklif irəli sürdülər ki, martın 1-dən əvvəl qonağımız olub, qızımı ilk olaraq onların komandası görüntüləsin. Bir açıqlamanı da edim, Selena dünyaya gələndən bu veriliş efirdə yayımlanana qədər doğmalarım və dostlarımdan başqa heç kim qızımı yaxından görməmişdi. Hətta İnstagram foto-servisində olan profilimdə də qızımın üzünü kimsəyə göstərməmişəm. Bunun bir neçə səbəbi var idi. Detallarından danışmaq niyyətim yoxdur. Amma Xəzər TV-də çalışan dostlarıma söz vermişdim ki, Selenam eksklüziv olaraq bu telekanalın verilişlərinin birində tamaşaçılara göstəriləcək, ardından fotosessiya saytlarda dərc olunacaq. Nə xoş ki, bu veriliş mənim də sevə-sevə izlədiyim və tez-tez qonaq olduğum "Ay Zaur" oldu. Dəvətimizi qəbul edib Gəncədə çəkilişdə iştirak edən dəyərli sənət dostlarım - xalq artisti, xanəndə Könül Xasıyevaya, sevimli ulduz Elçin Cəfərova, Tovuz elinin ən istəkli aşıqlarından biri olan Azər Xanlaroğluna, "Mübarək" rəqs qrupunun üzvləri Süleyman və Elradaya təşəkkür edirəm. Fevralın 28-də bir neçə məkanda çəkilişimizi yüksək səviyyədə tamamladıqdan sonra martın 1-də baş tutan doğum günü hazırlıqlarına start verdik.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, yaxın dostlarım və Ayan Babakişiyeva komandasının vuran ürəkləri, tanınmış maqazin jurnalist və PR menecer Şahin Cavadsoy, özəl bəstəkarım Rövşən İlknuri, prodüser Tural Şıxəliyev, eləcə də qardaşım Samir bu günlər ərzində yanımda oldular. Sonsuz minnətdarlığım isə başımın tacı, daim mənə yaşam stimulu verən anam Sevda xanımın ünvanınadır. Nə qədər gərgin və həyəcanlı olsam da anam və komandamın yanımda olduğunu görüb özümü çox güclü hiss edirdim.

Nəyə görə Selenanın ad gününü Gəncədə keçirdiyimin ən önəmli səbəblərindən biri də bir neçə ay bundan əvvəl dünyasını dəyişən Leylan nənəmə verdiyim sözlə bağlı idi. Nənəm vəsiyyət etmişdi ki, nəticəsinin ilk ad gününü ana yurdumuzda keçirək. Düzdür, o, ailəmizin bu sevincli gününü görə bilməsə də vəsiyyətinə əməl etdim. Nənəmin yoxluğu ilə barışmaq çətin olsa da, mən onun qoxusunu Selenamdan alıram. Saytınızda yayımlanan fotoların müəllif Rəşad Abbasova da məxsusi təşəkkürümü bildirirəm. Rəşad çəkiliş zamanı, eləcə də restoranda təşkil olunan məclisdə maraqlı kadrları görüntüləməyin öhdəsindən məharətlə gəldi. Selenanın şahzadə kimi görünməyində modelyerim Şəlalə Maqsudovanın hazırladığı geyim də öz sözünü deyirdi. Şahin Cavadsoyun aparıcılığı ilə yaddaqalan ad günündə öz gəlişləri ilə rəng qatan sadiq dostlarım, parapsixoloq Həsən Həsrət, stilist Rəşad, şoumen Ruslana da var olun deyirəm. Gecəyarısına qədər davam edən tədbirimiz Zaur Kamalın duzlu-məzəli çıxışı, Elçin, Azər Xanlaroğlunun canlı ifaları ilə daha da möhtəşəm keçdi. Məni təmənnasız sevən və dəyər verən dostlarıma nə qədər çox sağ ol desəm, az olar. Onların dəstəyi sayəsində Ayan bu gün səhnədədir və ona qiymət verməyi bacaran sevənləri üçün çox əzizdir. Həmişə yanımda olun, əzizlərim".

Məlumat üçün bildirək ki, martın 4-ü Ayanın anasının 50 illik yubileyi idi. Bunu nəzərə alan müğənni ad gününün sonunda baş tutan atəşfəşanlıqda 501 rəqəmindən istifadə etdi. Təqdim etdiyimiz fotosessiyada daha maraqlı kadrları görmək imkanınız var.

Milli.Az




Fotolar Rəşad Abbasov