Vüsal Bayramov: “Ağac əkən zaman təbiətlə ünsiyyətdə olur, mənəvi rahatlıq tapıram”
Təhsilindən asılı olmayaraq, hər bir gənc gəlir götürmək məqsədi ilə müxtəlif işlərlə məşğul olur. Kimisi alver edir, kimisi satıcı işləyir, kimisi öz əlinin zəhməti ilə hazırladığı müxtəlif əşyaları satıb çörək qazanır. Müsahibimizin çörək ağacı isə elə ağacdır. Bəli, o, alın təri ilə qazandığı çörəyini ağacdan, torpaqdan çıxarır.

“Sadə peşə adamı” rubrikasının bu dəfəki qonağı Vüsal Bayramovdur. Əvvəlcə müsahibimizi tanıyaq.

Uşaqlıq həvəsi

Vüsal Bayramov 1988-ci ilin 26 noyabrında Şabran rayonunda anadan olub. Həmişəyaşıl ağacların becərilməsi ilə məşğul olan müsahibimizin elə uşaqlıqdan təhsil almağa marağı olmayıb. O deyir ki, həmişə atası ilə birlikdə ağac əkər, atasının sənətini davam etdirmək istəyərmiş: “Mən gözümü açandan atamı ağaclara qayğı göstərən insan kimi tanımışam. Həmişə atamın ağacları necə həvəslə becərməsinə şahid olur, yeri gəldikdə ona kömək edirdim. Uşaqlıqda atamın bu işdən necə zövq alması mənə maraqlı gəlirdi. Onun köməkliyi ilə sənətin sirlərini öyrəndikdən sonra ağac əkib becərməyin necə zövqverici olduğunu kəşf etdim. Atamın bu işi sevərək görməsi, gördüyü işdən zövq alması mənim də bu sənəti davam etdirməyimə stimul yaratdı. Atam mənim ən güclü müəllimim oldu. Məktəbə gedib təhsil almaqdansa, atamdan öyrənmək o zaman mənə daha əhəmiyyətli gəldi. Çünki mənim ali təhsil almağa heç vaxt marağım olmayıb. Maraqlanmadığım sahə üçün 4 il vaxt itirməyi düzgün hesab etmirəm”.

Təbiətdən zövq alan adam

Həmsöhbətimiz deyir ki, 12 yaşından bu günədək həmişəyaşıl ağaclar əkir. Gününün böyük bir qismini toxum əkib, yer belləyir və öz övladı kimi ağaclara qulluq edir. O, hesab edir ki, dünyada ağac əkib-becərmək qədər çətin ikinci sənət yoxdur: “Hər kəs çörəyini bir yolla qazanır. Asan olan heç bir iş yoxdur. Hər işin öz çətinlikləri, çıxmazları var. Həmişəyaşıl ağacları əkib-becərmək, onlara qulluq etmək, saxlamaq göründüyü qədər asan deyil. Rütubətli torpaqda işləmək hər adamın bacaracağı iş deyil, hətta deyərdim ki, bu iş qədər çətin ikinci bir iş tanımıram”. Vüsal hesab edir ki, bu işi görmək üçün yüksək iradəyə və səbrə sahib olmalısan: “Əslində hər iş belədir. Əgər sənətini sevmirsənsə, onun çətinliklərinə tab gətirə bilməzsən. Amma nə qədər çətinliyi olsa da, mən bu işi sevirəm və işimdən zövq alıram. Çünki mən ağac əkən zaman təbiətlə ünsiyyətdə oluram. Bu işi görərkən mənəvi rahatlıq tapıram. Alimlər də sübut edib ki, daim təbiətlə ünsiyyət stressdə olanlara da müsbət enerji verir, insanı depressiyaya girməkdən mühafizə edir”.

İşimi çox sevsəm də...

Qəribəsi odur ki, Vüsal öz işini çox sevməsinə baxmayaraq, övladlarının bu işlə məşğul olmasını istəmir: “Soyuq havalarda yuxarıda sadaladığım çətinlikləri olduğu üçün övladlarımın gələcəkdə bu işlə məşğul olmasını istəmərəm. Öz işimi çox sevsəm də, övladlarımın sırf bu sənətdən çörək qazanmalarını istəmərəm. Onlar ancaq hobbi kimi bu işi görə bilərlər. Yəni, bu işin aludəçisi olsalar, sağlamlıqları üçün narahat olaram”.

İşinin çətinliklərindən bəhs edən Vüsal deyir ki, bütün fəsillərdə ağaclarla məşğul olmaq çox vacibdir: “Ağaclar özlərinə daim diqqət tələb edir. Adi işdə işləyən zaman xəstələnib işə gəlməyə bilərsən, amma bizim işdə bu çətin məsələdir. Ağaclar diqqətsiz qalan zaman solur, məhv olur. Ona qoyduğun bütün zəhmət bir neçə gün ərzində yox olur. Yazda şitillərin əkilməsi, sulanması, torpağın alaq otlarından təmizlənməsi, növbəti əkin üçün toxumun yığılması olduqca çətin və dözüm tələb edən işlərdir”.

Müqəddəs peşə

İlin bütün fəsillərində qarşımıza çıxan, gördüyümüz ağaclar estetik zövqü oxşamaqla bərabər, həm də oksigen mənbəyidir. İnsanın yaşaması üçün oksigen şərtdir. Bunun fərqində olan müsahibimiz məhz bu keyfiyyətlərinə görə də sənətinə vurğundur: “Tənəffüs zamanı biz oksigeni uduruq, karbon qazını buraxırıq. Alimlər hesablayıblar ki, bitkilər bir hektar sahədə saatda səkkiz kiloqrama qədər karbon qazı udur. Bir ağac ildə yüz iyirmi kiloqram oksigen ayırır. Bu isə iki insanı təmiz hava ilə təmin etmə üçün kifayətdir. Hətta xəstəxana otaqlarının pəncərəsi yaşıl zonaya, parklara, meşələrə açılan xəstələr daha tez sağalırlar. Beləliklə, ağacların həyatımızda olan rolu danılmazdır. Bunun üçün mən məşğul olduğum bu peşəni müqəddəs sayıram”.

“Əvvəllər daha çox pul qazanırdım”

Həmişəyaşıl ağacların becərilməsinin peşəkarı olan müsahibimiz gəlirlərindən də danışdı. O deyir ki, bu sənətdən əvvəllər daha çox pul qazanırmış: “Bu gün satışda daha çox satılan ağaclar sərv və şam ağacıdır. Tələbat bu ağaclara olduğu üçün mən də daha çox şam və sərv ağaclarını əkməyə üstünlük verirəm. Qiymət məsələsinə gəldikdə isə ağacların formasına, gövdəsinin quruluşuna, hündürlüyünə görə qiymətlər də müxtəlifdir. Əvvəllər ağacları nisbətən daha baha satırdım. İndi isə o qiyməti verən yoxdur”.

Vüsal deyir ki, ən ucuz ağacı bir manata, ən bahanı isə on manata satır. Həmsöhbətimizin sözlərinə görə, ağacların qiymətləri gövdəsinin yoğun və yaxud incə olmasına görə dəyişir. Əvvəllər bu işdən daha çox gəlir götürən Vüsalın qazancı azalsa da, işinə olan sevgisi, marağı azalmayıb.

Kaspi.az