Tərtər, 7 mart, AZƏRTAC
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Tərtər rayonunda bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram süfrəsi arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, şəhid anaları, ağbirçəklər iştirak edib.
Tədbirdə çıxış edənlər zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyi, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, onların fədakar əməyinin yüksək qiymətləndirildiyi, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyi, orden və medallarla təltif olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon qadınlarının 2032 nəfəri təhsil, 605 nəfəri səhiyyə, 269 nəfəri mədəniyyət müəssisələrində, 50 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifədə 140 nəfərdən çox qadın işləyir. 85 nəfər qadın bələdiyyə üzvü seçilib ki, onlardan 10 nəfəri bələdiyyə sədridir. YAP rayon təşkilatının 5342 nəfər üzvündən 2751 nəfəri qadınlardır. Təhsilin inkişafında xidmətilərinə görə 4 nəfər qadın Əməkdar Müəllim adına layiq görülüb, 2 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, şəhid analarına və ağbirçəklərə hədiyyələr təqdim edilib.
“Kür” ansamblının ifasında rəngarəng musiqi nömrələri tədbiri daha da rövnəqləndirib.
