Dünən 6 mart tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının (III korpus) əsaslı təmirdən sonra açılışı olub.Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın təqdimatı keçirilib
Milli.Az xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, universitetin professor-müəllim heyəti və tələbələr, QHT rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda başlanılıb.
Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tikinti işləri müasir infrastrukturun yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb. Ümümi sahəsi 4 min kvadratmetrdən çox olan yeni binada 20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu zalı, konfrans otağı yaradılıb.
Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın təqdimatı keçirilib. Pedaqoji heyət və tələbələr üçün yaradılan şəraitlə maraqlanan mərasim iştirakçıları auditoriyalara və kafedra otağına baxıb, “Nadir kitablar Fondu”ndakı əyani vəsaitləri nəzərdən keçiriblər.
Sonra yeni binanın akt zalında elmi şura ilə görüş keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təhsil ocaqlarının infrastrukturunun yaxşılaşdırılmasının, maddi-texniki bazanın müasirləşdirilməsinin təlim-tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil müəssisələrinin yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin genişləndiyini qeyd edən nazir təhsilalanlar üçün yaradılan şəraitin ölkəmizin müasir kadrlara olan tələbatının ödənilməsinə, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verdiyini vurğulayıb.
Nazir bildirib ki, tədris ocaqları üçün yeni binalar inşa olunarkən və ya mövcud tikililər əsaslı təmir edilərkən həmin təhsil müəssisələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə imkan verən infrastrukturun yaradılması prioritet hədəf kimi qarşıya qoyulur.
Elşən İmanov
Milli.Az

















