Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, yarmarkalara rayonlardan 600 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkalarda qərzəkli, xüsusilə quru meyvələr üstünlük təşkil edir. Qiymətlər bazarlardakından 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır.
Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5–5,5 manata, quş əti 2,5–2,8 manata, alma 50 qəpik–1 manata, nar 1-1,5 manata, kişmiş 2-4 manata, xurma 4 manata, fındıq 5-5,5 manata, qoz ləpəsi 10 manata, fındıq ləpəsi 9-10 manata, armud 80 qəpik-1 manata, kələm 70-80 qəpiyə, kartof 60-90 qəpiyə, soğan 60-70 qəpiyə, yumurta 5-7 qəpiyə təklif olunur.
“Yarmarkalarda qiymətlər stabil olaraq qalır. Yalnız ötən ilin müvafiq dövrünə nisbətən bu il qərzəkli və quru meyvələrin qiymətində 3 faizlik artım qeydə alınıb”, - deyə M.Hacıyev bildirib.
M.Hacıyev vurğulayıb ki, Novruz bayramında əhalinin bazar qiymətlərindən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə martın 14-dən Bakı şəhərinin müxtəlif yerlərində yarmarkalar təşkil ediləcək. Yarmarkaların sayının artırılması da planlaşdırılır. Bayramla əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam ödəniləcək, eləcə də süni qiymət artımının qarşısı alınacaq.
