Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev fevralın 16-dan 28-dək Azərbaycan Mətbuat Şurası ilə birgə həyata keçirilmiş “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən R.Abdullayev layihəni uğurla başa çatdırılması münasibəti ilə gənc jurnalistləri təbrik edib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin ölkəmizdə keçirilən ilk belə layihə olduğunu bildirib və layihənin proqramı haqda ətraflı məlumat verib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Qış Məktəbi” layihəsinin gənc jurnalistlərin ixtisaslaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və SOCAR rəhbərliyinə belə bir layihəni keçirdiklərinə görə minnətdarlıqlarını bildiriblər. Layihənin iştirakçıları SOCAR-ın ayrı-ayrı müəssisələri ilə tanışlıqlarından, mütəxəssislərin prezentasiyaları zamanı əldə etdikləri məlumatlardan gələcək fəaliyyətlərində bəhrələnəcəklərinə əminliklərini ifadə ediblər. Çıxışlarda bu layihənin davam etdirilməsinin Azərbaycan mətbuatı üçün böyük əhəmiyyət daşıdığı bildirilib. SOCAR -ın prezidenti gənc jurnalistlərə fəaliyyətlərində aktiv və obyektiv olmağa çağırıb, gələcəkdə layihə çərçivəsində yeni proqramların gerçəkləşdirilməsi üçün təkliflərin hazırlanması haqqında müvafiq strukturlara tapşırıq verib.
Qeyd edək ki, “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin iştirakçıları arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Nihad Budaqov da olub.
