Bakı, 6 mart, AZƏRTAC
İstanbulda dəmiryol nəqliyyatı, infrastruktur, logistika üzrə beşinci beynəlxalq “Avrasiya dəmiryolu-2015” sərgisi təşkil olunub.
AZƏRTAC “Qazaxıstan dəmiryolları” SC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq sərgi çərçivəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolu rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə marşrutu üzrə konteyner sərgi qatarının təşkili məsələlərinə xüsusi diqqət yetirilib.
Sərgi çərçivəsində xüsusi forum keçirilib. Forumda Avrasiya məkanında dəmiryol sistemlərinin modernləşdirilməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və xidmət səviyyəsinin yüksəldilməsinə dair aktual məsələlər müzakirə edilib.
Dəmiryol nəqliyyatı, infrastruktur və logistika üzrə “Avrasiya dəmiryolu-2015” beynəlxalq sərgisi dünyada üçüncü böyük sahə sərgisidir. Bu sərgi Avrasiya qitəsinin dinamik inkişaf edən dəmiryol nəqliyyatı sənayesinin imkanlarını qiymətləndirməyə imkan verir. Sərgidə dəmiryol texnikası istehsal edən aparıcı müəssisələr, yükdaşıma şirkətləri və qatar operatorları, dövlət hakimiyyəti orqanlarının nümayəndələri, investorlar iştirak edirlər.
Bu il sərgiyə dünyanın 25 ölkəsindən 200 şirkətin, o cümlədən “Siemens”, “Alstom”, “Bombardier”, “Vossloh”, “CAF”, “Patentes Talgo” və s. kimi nəqliyyat sənayesi liderlərinin nümayəndələri gəliblər.