Lənkəran, 6 mart, AZƏRTAC 
Martın 6-da Lənkəranda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər lənkəranlı qadınları əlamətdar gün münasibətilə təbrik ediblər. Qeyd olunub ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, yenilməzlik nümunəsi göstərib, cəmiyyət həyatına nüfuz edərək, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlayıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında iştirakına geniş yer verilib, onlar dövlət quruculuğu işlərinə cəlb olunublar. Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, ölkəmizin hər yerində olduğu kimi, lənkəranlı qadınlar da rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Lənkəranın incəsənət ustalarının, “Nənələr” folklor kollektivinin ifa etdikləri şən, oynaq musiqi nömrələri, 12 nömrəli uşaq bağçasının fidanlarının və şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdlərinin nümayiş etdirdikləri rəqs nümunələri, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının Soltan Məcid Qənizadənin “Xor-xor” tamaşasından göstərdikləri səhnəcik şənliyi daha da rövnəqləndirib.