Rəsmi cavablardan aydın olur ki, problemin qısa zamanda aradan qaldırılması gözlənilmir
Bir neçə ildir ki, Azərbaycanda elektron ödəniş sistemləri fəaliyyət göstərir. Bu sistemin “MilliÖn” və “EManat” ödəmə terminalları vasitəsilə vətəndaşlar rahat və etibarlı yolla ən qısa vaxt ərzində çoxsaylı xidmətlərin ödənişini həyata keçirə bilirlər. Buna misal olaraq, mobil operatorlara, internet provayderlərə, kabel televiziyasına, şəhər telefonlarına, mənzil kommunal təsərrüfatı xidmətlərinə (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması), bank və sığorta xidmətlərinə, mərc oyunlarına və sairə görə ödənişləri göstərmək olar. Hər bir vətəndaş əlavə xərc çəkmədən, əlavə vaxt itirmədən, rahatlıqla, yolunun üzərindəki istənilən ödəmə terminalına yaxınlaşıb istifadə etdiyi xidmətə görə ödənişlər edə bilir. Bu, olduqca müsbət haldır və hər kəs tərəfindən də təqdir olunur.

Lakin son vaxtlar həmin ödəmə terminalları vasitəsilə şəhər telefonlarından istifadəyə görə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) və “Aztelekom” İstehsalat Birliyinə (İB) ödəmələr aradan qaldırılıb. Yəni artıq vətəndaşlar şəhər telefonunun aylıq abunəsinə, internetdən istifadəyə görə ödənişləri bu terminallar vasitəsilə ödəyə bilmirlər. Əvvəllər olduğu kimi, hər kəs həmin xidmətlərə görə ödənişi məcburən poçt məntəqələrində ödəyir. Təbii ki, bu da insanlar üçün əlavə əziyyətə və vaxt itkisinə səbəb olur. Bəzi poçt məntəqələrində xidmət səviyyəsinin heç də yüksək olmadığını nəzərə alsaq, bu, insanların əsəblərinə də mənfi təsir göstərir. Poçt məntəqələrində çalışan şəxslərin ləngliyi səbəbindən növbə yaranır, vətəndaşların vaxt itkisi ilə nəticələnən belə vəziyyət sonda haqlı narazılıqlara gətirib çıxarır, əlavə problem yaradır. Halbuki, eyni əməliyyatı “MilliÖn” və “EManat” ödəmə terminalları vasitəsilə bir neçə saniyə ərzində, heç kimə ağız açmadan, daha asan şəkildə ödəmək mümkün olurdu.

Sözügedən problemin nədən qaynaqlandığını araşdırmaq üçün “MilliÖn” və “EManat” ödəmə terminallarının məxsus olduğu şirkətlərlə əlaqə saxladıq. İlk öncə “Komtec Ltd” şirkətinə aid olan “MilliÖn” ticarət nişanının Zəng Mərkəzinə (*0010) zəng vurduq. Dəstəyi qaldıran operator Günay Kərimova mədəni şəkildə özünü təqdim edərək, sualımızı dinlədi. Cavab olaraq bildirdi ki, təmsil olunduğu şirkət tərəfindən şəhər telefonlarından istifadə xidmətinə görə ödənişlərin qəbulu dayandırılıb. O, buna səbəb kimi tərəflər arasında mövcud olan müqavilənin vaxtının cari il fevralın 16-da bitməsini göstərdi. Qeyd etdi ki, hələlik tərəflər arasında yeni müqavilə imzalanmadığından həmin tarixdən “BTRİB” və “Aztelekom” İB-nə “MilliÖn” terminalları vasitəsilə xidmət haqqı ödəmək qeyri-mümkündür. Operator xanım bu xidmətin yenidən nə vaxt aktiv olacağı barədə hələlik dəqiq məlumatın olmadığını, qeyd olunan məsələnin müzakirə edildiyini söylədi.

“Modenis MMC” şirkətinə məxsus “EManat” ödəmə sisteminin Müştəri xidmətləri (012 404-48-88) mərkəzi ilə əlaqə saxlayanda isə, özünü təqdim etməyən, ad-soyadını açıqlamayan xanım operator dekabrın 24-dən BTRİB və “Aztelekom” İB-nə ödənişlərin dayandırıldığını dedi. Bildirdi ki, bu ödəmələrlə bağlı sistem üzrə müəyyən problemlər yaşandığından şirkət tərəfindən bu cür addım atılıb. Onun sözlərinə görə, “EManat” ödəmə terminallarında şəhər telefonlarından istifadəyə görə ödənişlər ATS-lərə çatmayıb. Bu isə vətəndaşlara məxsus şəhər telefonlarının abunə və ya internet xidməti haqqına görə kəsilməsinə səbəb olub. Məhz bu problemə görə də ödənişlər hələlik dayandırılıb. Operator xanım ehtimal etdi ki, sistem üzrə yaşanan problemlər aradan qaldırılan kimi məsələ öz həllini tapacaq. O, bu barədə daha ətraflı məlumat almaq üçün nahardan sonra təkrar əlaqə saxlamağımızı və şirkətin departament əməkdaşı ilə danışmağımızı məsləhət gördü.

Deyilən kimi etdik. Nahardan sonra təkrar Müştəri xidmətləri mərkəzinə zəng etdik və şirkətin Marketinq departamentinin əməkdaşı Şahin Səmədli ilə danışdıq. O da sualımıza cavab olaraq bildirdi ki, BTRİB və “AzTelekom” İB-nə ödənişlərin həyata keçirilməməsi ilə bağlı şirkət tərəfindən müəyyən texniki işlər həyata keçirilir. Məhz bununla əlaqədar olaraq, ödəmələr müvəqqəti şəkildə dayandırılıb. Ş.Səmədli hələlik bu məsələ üzərində iş getdiyini diqqətə çatdıraraq, xidmətin nə zaman bərpa ediləcəyini dəqiq söyləmədi.

Mövzu barədə “AzTelekom” İB-nə və BTRİB-ə də suallarımızı ünvanladıq. “AzTelekom” İB-nin mətbuat xidmətindən bildirildi ki, sözügedən problemlə bağlı araşdırma aparılır. Araşdırma sona çatandan sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək. BTRİB-dən də dedilər ki, son dövrlər abonentlər “MilliÖn” və “EManat” ödəmə terminalları vasitəsilə ödəmələrinin ünvanına çatmaması barədə narazılıqlarını ifadə ediblər. Ona görə də məsələ nəzarətə götürülüb və araşdırılır.

Cavablardan göründüyü kimi, problemin qısa zamanda aradan qaldırılması gözlənilmir. Vətəndaşlar mənəvi və vaxt itkisinə məruz qalmaqda davam edirlər. Hər iki itkini isə konpensasiya etmək olmur.

Kaspi.az