Yevlax, 6 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Gənclər Birliyinin V Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransı YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq, yaradıcısı ümummilli lider Heydər Əliyev olan partiyanın zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrildiyini bildirib.
Gənclər Birliyinin sədri Ariz Mikayılov hesabat məruzəsində təşkilatın ötən konfransından keçən dövrdəki fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, YAP Yevlax rayon təşkilatının 8209 nəfər üzvdən 2121 nəfərini gənclər təşkil edir. Onların sayı ildən-ilə artır. Belə ki, 2010-cu ildə 55 nəfər, 2011-ci ildə 85 nəfər, 2012-ci ildə 82 nəfər, 2013-cü ildə 108 nəfər, 2014-cü ildə isə 198 nəfər yevlaxlı gənc partiya sıralarına qəbul olub. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyi rayonun ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində gedən sürətli inkişafda yaxından iştirak edir.
YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova, partiyanın Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov və Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolundan və xidmətlərindən, dövlətimizin gənclərə diqqət və qayğısından bəhs ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.