Bu gündən etibarən orta məktəblərin birinci sinifinə qəbul üçün qeydiyyata start verildi.

ANS TV-nin məlumatına görə, ötən illərdən fərqli olaraq yeni qeydiyyat prosesi elektron qaydada həyata keçiriləcək. İnternetə çıxışı olan valideynlər evlərində digərləri isə yaxınlıqdakı məktəblərdə bu prosesi sentyabrın 15-ə qədər yerinə yetirə bilərlər. Yenilik hələki paytaxt məktəblərində tətbiq ediləcək. Respublikanın digər orta məktəblərinə qəbul köhnə qayda ilə aparılacaq. Təhsil Nazirliyini birinci siniflərə qəbulun elektron qaydada aparılmasını həm də şəffaflığın təmin olunması üçün həyata keçirir.

“Ümumilikdə elektron xidmətlər dairəsinin genişləndirilməsi üçün. Eyni zamanda insan resurları və vaxta qənaət etmək məqsədilə bu ildən etibarən məktəblərin birinci sinifinə qəbul elektron sistem vasitəsilə aparılır. Bu proses ümumilikdə həm də valideyinlərin rahatlığına xidmət edir. Belə ki, valideyinlər artıq məktəb seçimində də çox rahat bir şəkildə məktəblər, eləcə də orada çalışan pedaqoji kollektiv, rəhbərlik barədə əlavə məlumatlar əldə edə bilirlər. Bundan başqa valideyin məktəbin naliyyətləri ilə də tanış olur. Bununla da valideyinlər istədikləri məktəbi özləri seçirlər”, – deyə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva bildirib.

Lisey tipli məktəblərin birinci sinifinə isə qəbul aprelin sonuna qədər aparılacaq. Çünki, belə təhsil müəssisələrinə maraq çox olduğundan şagirdlər birinci siniflərə imtahan əsasında qəbul edilirlər. May ayının ilk on günlüyündə isə lisey məktəblərinə imtahanlar keçiriləcək. Övladları lisey məktəblərinin birinci sinifinə keçirilən imtahanlardan keçə bilməyənlər isə sentyabrın 15-ə qədər digər ümumtəhsil məktəblərinə müraciət edə bilərlər.

Mənbə
ANS-TV-Aytən Abdulova