Bakı, 5 mart, Günel Əfəndiyeva, AZƏRTAC
Martın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqisevənlər Klubunun təşkilatçılığı ilə maestro Niyazinin mənzil-muzeyində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xalq artisti, opera müğənnisi Fidan Hacıyeva ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Rza Bayramov sənətkarı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Xalq Artisti” fəxri adı alması münasibətilə təbrik edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin şöbə müdiri Xanım Abdinova slayd-şou ilə izlənən çıxışında opera müğənnisinin keçdiyi həyat yolu, yaradıcılıq uğurlarından bəhs edib, onun Şərqdə səhnəmizin Karmeni kimi tanınmasını vurğulayıb.
Sonra F.Hacıyeva çıxış edib, qonaqların suallarını cavablandırıb. Tədbir “Sevgi nəğmələri” adlı musiqi proqramı ilə davam edib.