Ağstafa, 5 mart, AZƏRTAC
Ağstafa şəhər stadionunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə kütləvi idman tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova bildirib ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkədə “Bədən Tərbiyəsi və İdman Günü”nü təsis edilib. Diqqətə çatdırılıb ki, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ağstafa rayonunda da bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artırılıb, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Ağstafa Atıcılıq və Payntboll Mərkəzi tikilib istifadəyə verilib.
Sonra il ərzində fərqlənən idmançılara qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Rayonun idman mütəxəssisləri, idmançılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
