Bakı, 5 mart, AZƏRTAC
Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, fondun icraçı direktoru Oqtay Səmədov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı maraqlı təkliflər səsləndirən O.Səmədov qeyd edib ki, fondun xarici əlaqələri genişlənir və bu istiqamətdə Koreya Respublikası ilə birgə layihələr həyata keçirmək məqsədəuyğun olar.
Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsini xatırladan icraçı direktor Türkiyə, Çexiya, Ukrayna məktəblilərinin azərbaycanlı həmyaşıdları ilə qardaşlaşmaq niyyətində olduqlarını deyib, bu sırada Koreya məktəblilərinin də olmasını arzulayıb.
O.Səmədov səfir Çoi Suk-İni Bilik Fondunun könüllüləri arasında diplomatiya, beynəlxalq münasibətlər üzrə ali təhsil alanlara mühazirələr oxumağa dəvət edib.
Azərbaycanın bölgələrində Qafqaz Albaniyasına aid tarixi abidələrin mövcud olduğunu diqqətə çatdıran icraçı direktor bu ərazilərə səfirlə birgə səfər etməyin tarixin araşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Səfir Çoi Suk-İn Bilik Fondu ilə tanışlıqdan, həmçinin səsləndirilən təkliflərdən məmnunluğunu bildirib. Diplomat qeyd edib ki, Bilik Fondu ilə əməkdaşlığa hazırdır. Koreyalıların Qəbələ ərazisində arxeoloji qazıntılar apardığını vurğulayan səfir tarix ixtisasına yiyələnmək istəyən gənclərlin bu proseslərdə iştirakının mümkünlüyünü qeyd edib.
Çoi Suk-İn səfirliyin diplomatlarından birini məhz Bilik Fondu ilə əlaqələr üzrə məsul şəxs təyin edəcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, əlaqələrin sistemli şəkildə qurulması üçün konkret addımlar atılmalıdır.
Diplomat xalqımızın qonaqpərvərliyinə heyran qaldığını, süfrəmizin zənginliyinə heç bir yerdə rast gəlmədiyini deyib.
Sonda səfir Bilik Fondunun xatirə kitabına ürək sözlərini yazıb.