Ukraynada mədən qəzası zamanı ölənlərin meyidləri çıxarılır.

ANS TV-nin məlumatına görə, Ukraynanın Donetsk vilayətində Zasyadko adına mədəndə baş vermiş qəza zamanı ölən daha 7 nəfərin meyiti çıxarılıb. Beləliklə də hadisə nəticəsində ölənlərin sayı 24-ə çatıb. Daha 9 nəfərin isə hələ də torpaq altında olduğu ehtimal edilir. Ehtimal edilir ki, partlayışın başverməsinə səbəb metan qazı sızması olub.

Hadisə baş verərkən mədəndə 207 işçi olub. Onların əksəriyyəti mədəndən çıxarılıb. Müxtəlif xəsarətlər alan 14 nəfər xəstəxanaya çatdırılıb. Hazırda xilasetmə əməliyyatlarına isə, daxildə zəhərli qazın yayılması çətinlik törədir.

Ukrayna rəhbərliyi hazırda ruspərəst üsyançıların əlində olan bölgədə rəhbərliyi mədənçiləri xilas etmək üçün lazımi tədbirlər görməməkdə ittiham edib. Donetsk rəhbərliyi xilasetmə əməliyyatlarına kömək məqsədilə Rusiya hökumətinə müraciət edəcəklərini bildirib. Hadisə ilə əlaqədar Ukraynada martın 5-i matəm günü elan olunub.

Ümumilikdə Ukraynada 2014-cü ildə mədən qəzaları nəticəsində 99 nəfər ölüb.

Mənbə
ANS-TV