Bakı, 5 mart, AZƏRTAC 
Litva Milli Olimpiya Komitəsində (LTOK) birinci Avropa Oyunlarına 100 gün qalması münasibətilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Litva idmançıları, məşqçiləri, idman həkimləri və veteranlar iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarını qeyd etmək üçün bu yığıncağa qatılıblar.
LTOK-un prezidenti Daina Qudzinevicite bildirib ki, Avropa Oyunlarında Litvadan 60-dan çox idmançı iştirak edəcək. Nümayəndə heyətinə həm təcrübəli, həm də karyerasının başlanğıcında olan gənc idmançılar daxil olacaq. Bu yarışlar Avropa Oyunlarının ilk çempionu olmaq üçün yaxşı fürsətdir.
Hazırda idmanın doqquz növündə - 3x3 basketbol, üzgüçülük, boks, avarçəkmə, velosiped, gimnastika, sambo, çimərlik voleybolu və güləşdə azı 57 litvalı idmançı “Bakı-2015” seçmə standartlarının tələblərini ödəyib.
Litva Milli Olimpiya Komitəsi cüdo, badminton, stolüstü tennis, triatlon və atıcılıq üzrə də idmançıların milli seçmə mərhələni keçəcəklərini ümid edir.