Xırdalan, 5 mart, Ətrabə Rzayeva, AZƏRTAC
2014-cü ildə Abşeron rayonu ərazisində 1 milyondan çox ağac və gül kolları əkilib.
AZƏRTAC xəbər verir ki, ötən il rayonun şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb, böyük infrastruktur layihələri həyata keçirilib. İrimiqyaslı layihələr çərçivəsində Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissəsində yolun hər iki kənarında geniş abadlıq, müasir və zövqoxşayan üslubda yenidənqurma işləri aparılıb. Bununla əlaqədar 350 min kvadratmetrdən çox sahədə yaşıl ot (qazon), 500 minə yaxın gül, 20 mindən çox dekorativ kol və ağac əkilib. Yaşıllıqların suvarılması məqsədilə 110 kilometr uzunluğunda su xətti çəkilib.
Rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılır. Ötən il “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda genişmiqyaslı ağacəkmə kampaniyası da həyata keçirilib.


