Ağdam, 4 mart, AZƏRTAC
Yeni Azəraycan Partiyası (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatının fəal gənclərindən bir qrupu konfransdan əvvəl ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini, ehtiramla yad ediblər.
YAP rayon təşkilatının sədri İsgəndər Quliyev, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və başqaları çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın ən öndə gedən və seçilən gənclər təşkilatıdır. YAP üzvlərinin 254 min nəfərini gənclər təşkil edir.
Tədbirdə YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 5927 nəfər üzvündən 1741-i gənclərdir.
Sonra rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gənclər Birliyinin qurultayına nümayəndələr seçilib.
Tədbirdə YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri verilib.
