Füzuli, 4 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da əhalinin pulsuz tibbi dispanserizasiyası uğurla həyata keçirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev AZƏRTAC-a bildirib ki, əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Horadiz şəhər xəstəxanasında və Füzuli Müalicə Diaqnostika Mərkəzində aparılır. Həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinləri evlərdə müayinə edirlər. Fevralın 2-dən indiyədək 28 min 270 sakin tibbi müayinədən keçirilib. Onlardan 9400 nəfəri ambulator, 240 nəfər stasionar müalicəyə cəlb edilib, 82 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Humanitar aksiyaya rayonun 70 minə yaxın sakinin cəlb olunması nəzərdə tutulur.
Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov deyib ki, ən müasir avadanlıqlarla təmin olunmuş tibb ocağında müayinələrin aparılması üçün hər cür şərait var. Rəhbərlik etdiyi səhiyyə müəssisəsinin həkimləri əhalinin sağlamlığına yönələn bu nəcib aksiyaya həvəslə qoşulublar. Müayinələri əsasən, terapevt, cərrah, nevropatoloq, şüa-diaqnostika, kardioloq, ginekoloq, lor və digər tibb mütəxəssisləri aparırlar. Ehtiyac olduqda vətəndaşlar kompyuter tomoqramma, fuloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Müalicə Diaqnostika Mərkəzində gün ərzində orta hesabla 150-160 nəfər müayinə olunur. Aksiya başlanandan indiyədək 4760 nəfər vətəndaş tibbi aksiyadan yararlanıb.
Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti füzulililər tərəfindən minnətdarlıqla qarşılanır. Onlar vətəndaşların sağlamlıqlarının etibarlı şəkildə qorunması məqsədilə keçirilən aksiyanı yüksək qiymətləndirir, Prezident İlham Əliyevin bu humanist təşəbbüsünə razılıqlarını bildirirlər.

