Bakı, 4 mart, AZƏRTAC
Azərbaycanın Energetika Nazirliyində Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çexiya Respublikası arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən energetika sahəsində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Energetika nazirinin müavini Natiq Abbasov ikitərəfli münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qonaqlara son illərdə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər və həyata keçirilən iri layihələr barədə məlumat verib.
Söhbət zamanı Azərbaycan ilə Çexiya Respublikası arasında müxtəlif istiqamətlərdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyasının işinin gücləndirilməsinin, çex şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.