Harvard Universitetinin tarixçisi və arxeoloqu Maykl Makkormikin rəhbərlik etdiyi tədqiqat qrupu 536-cı ili bəşər tarixinin ən ağır dövrlərindən biri kimi qiymətləndirib.

Metbuat.az xəbər verir ki, araşdırmaya əsasən, həmin il baş verən böyük vulkan püskürməsi atmosferə çoxlu miqdarda kül və qazın yayılmasına səbəb olub. Nəticədə Avropanın, Yaxın Şərqin və Asiyanın bir hissəsində günəş işığı zəifləyib, temperatur kəskin aşağı düşüb və uzunmüddətli “vulkan qışı” başlayıb. Məlumata görə, İsveçrə-İtaliya sərhədində yerləşən Kolle Qnifetti buzlağından götürülmüş buz nüvələri də 536-cı ildəki vulkanik fəaliyyətin izlərini ortaya çıxarıb. Bizans tarixçisi Qeysəriyyəli Prokopi həmin dövrdə günəşin işığının zəiflədiyini və sanki tutulma zamanı olduğu kimi göründüyünü yazıb.

Soyuq hava və günəş işığının azalması kənd təsərrüfatına ciddi zərbə vurub, ərzaq qıtlığı və aclıq təhlükəsini artırıb. Sonrakı illərdə baş verən daha iki böyük vulkan püskürməsinin, xüsusilə 540 və 547-ci illərdəki hadisələrin böhranı daha da dərinləşdirdiyi bildirilir.