Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqın səsi ilə dövlət başçısı seçilməsindən 12 il ötür. 10 avqust 2014-cü ildə keçirilən seçki Türkiyənin siyasi tarixində mühüm dönüş nöqtəsi olub. Belə ki, 2007-ci ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra ilk dəfə prezident xalq tərəfindən birbaşa seçilib.

Metbuat.az xəbər verir ki, həmin seçkidə etibarlı səslərin 51,79 faizini - 21 milyon 143 səsi toplayan Ərdoğan Türkiyənin 12-ci prezidenti seçilib. Bununla da onun ölkənin siyasi həyatında uzun illər davam edən hakimiyyət dövrünün yeni mərhələsi başlayıb.

Sonrakı illərdə Türkiyədə idarəetmə sisteminin dəyişdirilməsi istiqamətində mühüm addımlar atılıb. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya referendumunda seçicilərin 51,41 faizinin “bəli” səsi ilə Prezident Hökumət Sisteminə keçid təsdiqlənib. Yeni sistem üzrə ilk prezident və parlament seçkiləri 24 iyun 2018-ci ildə keçirilib. Ərdoğan həmin seçkidə qalib gələrək yeni idarəetmə modelinin ilk prezidenti olub.

Prezident Hökumət Sisteminin tətbiqindən sonra ikinci prezident seçkisi isə 2023-cü ilin mayında keçirilib. Seçkinin ikinci turunda 52,16 faiz səs toplayan Ərdoğan yenidən prezident seçilərək vəzifəsinin icrasını davam etdirib.

Ərdoğanın prezidentliyi dövründə Türkiyə həm daxili siyasətdə, həm də xarici əlaqələrdə mühüm dəyişikliklər yaşayıb. Müdafiə sənayesinin inkişafı, yerli və milli hərbi texnologiyaların istehsalının genişləndirilməsi, təhlükəsizlik siyasəti, iqtisadiyyat və regional diplomatiya bu dövrün əsas istiqamətləri sırasında olub.

Türkiyə eyni zamanda Azərbaycanın Qarabağ Zəfəri prosesində Ankaranın Bakı ilə nümayiş etdirdiyi siyasi və diplomatik həmrəyliklə diqqət çəkib. Bundan başqa, təbii fəlakətlərdən zərər çəkmiş bölgələrdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, regional böhranların həlli ilə bağlı diplomatik təşəbbüslər və NATO çərçivəsində atılan addımlar Ərdoğanın prezidentliyi dövrünün mühüm hadisələri sırasında yer alır.

Beləliklə, Rəcəb Tayyib Ərdoğan 12 il əvvəl xalqın birbaşa səsverməsi ilə başladığı prezidentlik yolunda Türkiyənin siyasi tarixində ən uzunmüddətli və təsirli siyasi liderlərdən biri kimi mövqeyini qoruyub.