Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na dəyişikliyi təsdiqləyib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.

Bu dəyişikliklə dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən "Məhkəmələr və hakimlər haqqında" qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alındıqdan sonra Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçiriləcək. Dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçiriləcək.