ABŞ-nin Sietl şəhərində yaşayan Vyetnam müharibəsi veteranı Con Bil ardıcıl üç infarkt keçirdikdən sonra həkimlərdən ağır xəbər almışdı. Ona cəmi dörd ay ömür qaldığını bildirmişdilər.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Con bu proqnoza təslim olmadı. Ömrünün qalan hissəsini mənalı bir işə həsr etmək qərarına gələrək evinin yaxınlığından keçən, sənaye tullantıları ilə çirklənmiş Hamm dərəsini təmizləməyə başladı. Nəticədə dörd ay yaşaması gözlənilən insan bu işi düz 27 il davam etdirdi.

İlk illərdə bütün işləri təkbaşına görən Con dərə yatağından köhnə avtomobil təkərlərini, metal çənləri və tonlarla məişət tullantısını çıxardı. Sonra isə ərazinin ekoloji tarazlığını bərpa etmək üçün yerli ağac və bitki növləri əkdi. Vaxtilə boruların içərisinə salınaraq təbii axarını itirmiş, suyun temperaturunun yüksəlməsi səbəbindən somon balıqlarının yaşaya bilmədiyi Hamm dərəsi onun illərlə davam edən əməyi sayəsində yenidən canlanmağa başladı.

Con Bilin şəxsi təşəbbüsü zamanla böyük ekoloji hərəkatın əsasına çevrildi. Onun başladığı işə minlərlə könüllü qoşuldu və dərənin bərpası üçün genişmiqyaslı fəaliyyət həyata keçirildi.

Uzun illərin zəhməti nəticəsində Hamm dərəsi əvvəlki təbii gözəlliyini bərpa etdi. Çirklənmə üzündən ərazini tərk etmiş somon balıqları, qunduzlar, su samurları və müxtəlif quş növləri yenidən buraya qayıtdı. Bir vaxtlar zibil poliqonunu xatırladan ərazi bu gün Sietlin ən mühüm təbii yaşayış məkanlarından biri hesab edilir.

Con Bil 2006-cı ildə vəfat etsə də, onun başladığı ekoloji missiya yarımçıq qalmayıb. Bu işi hazırda qızı və yerli könüllü təşkilatlar davam etdirərək onun təbiətə bəxş etdiyi irsi yaşadır.