Bəşəriyyət əsrlərdir uzun və sağlam ömrün sirrini araşdırır. Müasir tibbin inkişafı, həyat şəraitinin yaxşılaşması və sağlam qidalanma vərdişlərinin geniş yayılması nəticəsində dünyada 100 yaşdan yuxarı insanların sayı ildən-ilə artır. Bu səbəbdən uzunömürlülərin daha çox yaşadığı bölgələr alimlərin, demoqrafların və sosioloqların xüsusi maraq dairəsinə çevrilib.
Metbuat.az xəbər verir ki, qlobal statistik araşdırmalar və BMT-nin demoqrafik məlumatları göstərir ki, həm 100 yaşdan yuxarı insanların ümumi sayına, həm də əhali sayına nisbətdə lider ölkə Yaponiyadır. Xüsusilə Okinava arxipelaqı uzunömürlülərin ən çox yaşadığı bölgələrdən biri kimi tanınır və tez-tez “uzunömürlülər diyarı” adlandırılır.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin son rəsmi məlumatlarına əsasən, ölkədə yaşı 100-ü keçən insanların sayı 90 mini ötüb. Bu göstərici son onilliklər ərzində davamlı olaraq artır və yeni rekordlar qeydə alınır. Maraqlı məqamlardan biri də odur ki, uzunömürlülərin təxminən 88 faizini qadınlar təşkil edir.
Mütəxəssislər Yaponiyanın bu sahədəki uğurunu bir neçə əsas amillə izah edirlər. Bunların başında balıq və digər dəniz məhsulları, bol tərəvəz, soya məhsulları və yaşıl çaydan ibarət ənənəvi qidalanma sistemi gəlir. Bununla yanaşı, yaponların həyat fəlsəfəsində mühüm yer tutan “İkiqai” anlayışı - insanın hər gün onu həyata bağlayan məqsədə sahib olması - psixoloji sağlamlığın qorunmasına mühüm töhfə verir.
Güclü ailə və icma münasibətləri, yaşlı nəslə göstərilən yüksək ehtiram, aktiv sosial həyat və inkişaf etmiş profilaktik səhiyyə sistemi də uzunömürlülüyü dəstəkləyən əsas amillər sırasında göstərilir.