İstanbulun "Beşiktaş" klubunun ulduzu Orkun Kökçü azarkeşlərin sevimlisinə çevrilib. 26 yaşlı yarımmüdafiəçinin adı tərəfdarların dilindən düşmür.

Metbuat.az xəbər verir ki, Avroliqada uğurlu başlanğıc edərək Danimarka nəhəngi "Midtjylland"ı mübarizədən kənarlaşdıran Türkiyə təmsilçisi yeni mövsümdə çempionluğun əsas favoritlərindən biri sayılır. Sözsüz ki, bu uğurda ən çox hər iki oyunda "Midtjylland"ın qapısından qol keçirən Orkun Kökçünün payı var.

Türkiyə mediası kapitanın təkcə yaxşı futbolçu deyil, həm də mənəvi keyfiyyətləri ilə seçilən üstün insan olduğunu yazıb. Yerli mətbuat Orkunun sayəsində komandada sağlam mənəvi mühitin hökm sürdüyünü qeyd edib.

"O, küsülü futbolçuları barışdırıb. Hər kəsin qayğıları ilə şəxsən maraqlanır. Gənclərdən ibarət komandanın üzvlərini də diqqətdə saxlayır. Əgər hansısa gənc futbolçunun şəxsi avtomobili yoxdursa, taksi çağırtdırıb onu evinə yola salır", - "Sözcü" qəzeti belə yazıb.